Written by

Memar: “Şəki Xan Sarayı Mesopotamiya memarlığının izlərini daşıyır” – MÜSAHİBƏ

Mətbuat| Views: 2897

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Bununla əlaqədar memar Söhrab Rəhimovun Şəki Xan Sarayının memarlıq üslubu və tarixi əhəmiyyəti ilə bağlı "Report"a müsahibəsini təqdim edirik.

- Şəki Xan Sarayının memarlıq üslübuna görə hansı özəllikləri var? 

- Şəki Xan Sarayı qarışıq Şərq üslubunda inşa edilmiş binadır. Müqərnəslər, bizvari kəmər şərqin, əsasən də Mesopatamiya memarlığının izlərini daşıyır. Dünyada ilk qübbə eramızdan əvvəl, təxminən, 4000-ci ildə Mesopatamiyada inşa edilib. Müqərnəslər isə yarım qübbənin fiziki olaraq yükünü daşıyan və tədricən yükü paylaşan elementləridir. Şəki Xan Sarayında bu müqərnəsləri güzgü şəklində qübbə içində görmək mümkündür.

- Dünya İrs Siyahısına salınması Şəki Xan Sarayına nə qazandırır?

- Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Dünya İrs Siyahısına salınması Şəki Xan Sarayına əlavə olaraq, adından da göründüyü kimi, dünya dəyəri qazandırır. Belə bir qərarın verilməsi Azərbaycan mədəniyyətinə verilən qiymətdir. İndi Şəki təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi sayılacaq. Bunun dövlətimiz üçün müsbət tərəfləri çoxdur. Azərbaycanın dünyada tanınması, turizmə qatqısı başlıca amillərdir.

- Şəki Xan Sarayında bundan sonra hansı işlər görülə bilər?

- Şəki Xan Sarayı tarixi əsər dəyərləndirməsinə görə, zənnimcə, 1-ci dərəcəli tarixi əsər sayılmalıdır. Onun roluna uyğun istismara verilməsi qeyri-mümkündür. Ona görə yox ki, indiki dövrdə saray anlayışı yoxdur. Misal üçün, bu Sarayın tərkibində tarixi bir hamam olsa belə 1-ci dərəcəli tarixi əsər kimi onun istismar qadağası var. Bu əsər sadəcə vaxtı-vaxtında üsuluna uyğun təmir və restavrasiya edilərək müzey kimi istifadə edilə bilər. Hərçənd, tarixi əsərlərlə əlaqədar bloqumda daha əvvəl də qısaca da olsa yazmışdım. Bizdə tarixi abidələri qoruma qurumu yaradılmalı, əsərlər dərəcələrinə görə təmir edilib qorunmalı və istismar edilməlidir. Ümumiyyətlə, bəzi regionlar, o cümlədən Şəki Xan Sarayının olduğu bölgə bütövlüklə tarixi region elan edilməlidir. Bu, o bölgənin tarixi dəyəri olduğu deməkdir.

Mənbə: report.az

Comments are closed.