Written by

“Sökülsün ya sökülməsin” və ya Osman Parisi niyə dağıtdı?

Düşüncələrim| Views: 1919

Köhnə Bakı köhnə küçələri ilə birgə tədricən tarixin arxivinə getməkdədir. Nə vaxtsa hamının adla bildiyi əski məhəllələrin yerində indi o qədər bina tikilib, o qədər dükan-bazar salınıb ki, tanıdığın, həmişə gəzib dolandığın yerlərdə belə çaşıb qalırsan.

Şəhərin simasının dəyişməsi, yeni inşa olunan otellər, ticarət mərkəzləri, avtomobil dayanacaqları insanlarda müxtəlif reaksiya doğurur, çünki memarlıq baxımından yaddaşını itirən 50 yaşlı sakinlə artıq Bakının yeni simasında anadan olmuş 20 yaşlı gəncin yanaşması, təbii, fərqlidir. Köhnə bakılılar itmiş xatirələrini, gənclər isə modern həyatı dəstəkləyirlər.

Həmişə bir qədər həyat təcrübəsi olan birisi söhbət edərkən “bizim dövrümüz başqa cür idi, böyük-kiçik vardı, indikilər özlərini itiriblər” kimi ifadələrlə rastlaşırıq. Gənclər də öz növbəsində yaşlı nəslin bu köhnə məhəllələrə olan sevgisini, “böyük-kiçik” söhbətini bir növ anlamırlar. Avropa, ABŞ, Türkiyənin aparıcı təhsil ocaqlarında oxumuş cavanlara Azərbaycanın mental təsəvvürləri dər çərçivə kimi görünür.

Belə məsələlər hər evdə olur, görürsən, yaşlı insandır, elə hey tutub bir köhnə əşyanın qulpundan buraxmaz, köhnə yerindən tərpənməz, ata-anası, baba-nənəsinin dəfn olunduğu yerə yaxın olmaq istəyər. Bakının da köhnə küçələri, dar dalanları əzizdir onun üçün. Ona müasirlik və ya yeni memarlıq gərək deyil, elə doğulub böyüdüyü məhəllədə tanıdığı bildiyi insanların əhatəsində yaşamaq istəyir.

Şəhər böyüdükcə “Çadrovı”, “Pervomayski”, “Şors”, “Nijne Naqornı”, “Verxne Naqornı” kimi küçələr tədricən yox olur, nə vaxtsa hamının “Sovetski” kimi tanıdığı bütöv bir ərazinin sökülməsi demək olar başa çatıb. Bir neçə il ötəcək Kubinka da, çox yəqin, söküləcək.

“Sökülsün ya sökülməsin” sualının birmənalı cavabı yoxdur, çünki sökməsək, tikə bilmərik, meqapolislər inkişaf edə bilməz. Hamı Parisi olduğu kimi sevir, onu çox vaxt sevgililər şəhəri və modanın mərkəzi sayırlar. Amma vaxtilə şəhərin meri olmuş və özünü baron adlandıran Jorj Ejen Osman Parisi faktiki olaraq darmadağın edib. Hətta deyirlər ki, heç bir düşmən ordusu şəhəri belə dağıtmaq iqtidarında deyilmiş. Osman Parisin mərkəzində yerləşən o kiçik məhəllələri, darısqal küçələri yerli-dibli  sökdürüb. Burada həm də bir neçə məqsəd varmış, o ərazilər daim natəmizlik və infeksiya mənbəyi olmaqla yanaşı, həm də inqilabi ruhun daşıyıcılarının yaşadığı insanlarla tarixə düşüblər. Onları dağıtmaqla Osman Parisi barrikadaların əlindən xilas etmək istəyirdi. Amma Paris elə bu gün də Müsyö Jordanın dili də desək, “dağılır”, özü də “sarı jiletlilərin əli ilə”.

Sökülən söküləcək, tikilən tikiləcək, üstündən 30-40 il ötəcək, bu günün gəncləri yaşlı nəslin yerini tutacaqlar. Yeni nəsil onların yaşadığı, artıq köhnəlmiş binaları sökməyə qərar verəcək. Onlar da öz köhnə binalarından ikiəlli yapışacaqlar. Həyat isə öz axarı ilə davam edəcək.

Comments are closed.