Written by

Qəzalı binalar – taleyi həmişə sual doğurur

Düşüncələrim| Views: 4226

Hazırda statistikaya görə, Bakıda 17 qəzalı bina var. Yəqin daha çoxdur. Sadəcə Bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalar bu siyahıda yer alıb. Belə tikililərin taleyi həmişə sual doğurur.

Qəzalı binalarla kim məşğul olmalıdır?  

Yəni SSRİ dövründən  qalan binalara və köhnə məhəllələrə görə dövlət haradasa məsuliyyət daşıya bilər. Amma artıq uzun illərdir tikinti sektorunda şəxsi şirkətlər bina inşa edir. Onların da tədricən aşılanması baş verir. İstənilən bina qəzalı ola bilər. Belə binanın taleyi necə həll olunmalıdır? Dünya praktikasında məsələ necə həll edilir? Dövlət həmişə istənilən tikiliyə görə məsuliyyət daşımalıdır? 

Suallara birbaşa cavab yazıram, aşağıda isə qəzalı binalarla əlaqədar geniş məlumatı əlavə edirəm.

Qəzalı binalarla dövlət qurumları, daha dəqiq desək, Fövqəladə Hallar Nazirliyi məşğul olur.

Binanın qəzalı olduğu müəyyən edildikdən sonra qəzanın səviyyəsi, növü və şəklinə görə müdaxilə planı hazırlanır və icra edilir. Bəzən əgər daşıyıcı sistemin gücləndirilməsi fayda vermirsə, binanın sökülməsi çıxış yollarından biri olur. Texnologiya inkişaf etdikcə, əsasən də inşaat-kimya sahəsində bina konstruksiyalarının gücləndirilməsi texnologiyaları da inkişaf edir. Əgər bir sütunun gücləndirilməsinə xeyli metal, qaynaq işləri, daşınma kimi faktorlar tələb olurdusa, hazırda rulon halında rahat daşına bilən və icra edilə bilən materialla iş görülə bilir. 

Dünya praktikasında binanın qəza vəziyyəti, binanın önəmi, ətraf mühit kimi amillər nəzərə alınaraq qəzaya müdaxilə edilir. Qəzalı binalara insan həyatının ən dəyərli amil olduğunu prioritet olaraq qəbul edərək yanaşmaq lazımdır. Məsələn, bir binanın sökülüb-sökülməməsi qərarı, onun insan həyatı üçün təhlükə yaratmasına bağlıdır. Təhlükə yaradırsa, restavrasiyası mümkün deyilsə və ya maliyyəti büdcəni aşırsa, deməli, sökülməsi qaçılmazdır. Bu misal bir tarixi binaya da aid ola bilər. Yenə də o bina təhlükəli vəziyyətdə saxlanılmamalı, bu və ya digər qərar verilərək müdaxilə edilməlidir. 

Bəli, dövlət ölkə ərazisində inşa edilən istənilən tikiliyə görə məsuliyyət daşımalıdır. 

Binanın qəzalı olmasının bir sıra səbəbi var və onları vaxtında, hər birinə özəl yanaşma ilə aradan qaldırılması lazımdır.

Nə kimi səbəb var?  

Binanın layihəsi doğru deyil

Bina layihəyə uyğun inşa edilməyib

Xarici müdaxiləyə görə qəzalı vəziyyətə düşmüş binalar

Təbii fəlakətlər

Bina konstruksiyasına şüursuz müdaxilə

İstismar dövrünün yaxınlaşması və ya bitməsi

Yuxarıda sadalanan amillərin qarşısını alma yöntəmlərini sıra qaydası ilə sadalamaq istərdim.

Bir binanın layihəsini əvvəlcə lisenziyalı layihəçilər hazırlayır, Fövqəladə Hallar Nazirliyinin ekspertizasında yoxlanılır, səhvlər aşkar edildikdə, iradlar layihəçiyə bildirilir və düzəldilməsi tələb edilir. Daha sonra iradlar aradan qaldırıldıqdan sonra yenidən baxılır və  nəhayət icra edilməsi üçün müvafiq icazə verilir.

Bundan sonrakı mərhələdə müəllif nəzarəti ilə işin layihəyə uyğun şəkildə icra edilməsinə xüsusi nəzarət edilir. Xaricdə və özəlliklə də zəlzələ bölgələrində xüsusi qurumlar nəzarəti icra edir. Məsələn, Türkiyə bu işi Çevre ve Şehircilik Bakanlığı (Ətraf mühit və Şəhərsalma Nazirliyi) nəzdindəki Yapı Denetim bölümü (İnşaat Nəzarət) icra edir. Təbii Türkiyədə Fövqəladə Hallar Nazirliyi olmadığı üçün işin bu tərəfini başqa bir nazirlik icra edir. Nəzarət sırasında nöqsanlar aşkar edildikdə müvafiq qurum və ya insanlar məsuliyyətə cəlb edilir. Eyni zamanda, nəzarətçi olmaq istəyən qurum və insanlar da tələb edilən sənədlərlə müraciət edərək nəzarətçi rolunda iştirak edə bilərlər.  

Günümüzdə binalarda ən çox üzləşdiyimiz problemlərdən biri xarici müdaxilədir. Təbii fəlakətlərdən daha təhlükəlisi insanların düşünmədən binanın konstruksiyasına etdikləri müdaxilədir. Bizdə binaların istismara verilməsi, məncə, natamam olur. Bina istismara verildiyi zaman orada hər hansı təmir işindən söhbət gedə bilməz. Bu istər sakinlərin rahatlığı, istərsə də təhlükəsizliyi nəzərindən vacibdir. Bəzi sakinlər satın aldıqları bina evində istədikləri kimi təmir və daxili layihələndirmə edə biləcəyini düşünürlər. Bu səbəbdən bəzən daşıyıcı rolu oynayan divarlar, sütunlar və hətta tirlər kəsilir. Bunun nəticəsində özü ilə birgə bütün binanı təhlükəyə atır.  

Binalardakı təmir haqqında  

Mənzildə divarın dəlinməsi üçün də icazə alınmalıdır. Bu bir qədər real gəlməyə bilər, ancaq inanın ki bu belədir. Binanın konstruksiyasına təsir edən xarici amillərdən külək, sel, zəlzələ xaric hətta yaxındakı yollarda hərəkət edən avtomobillərin, metro titrəyişləri, bina içində istifadə edilən dəlici-deşici alətlərin də öz payı var. Bina konstruksiyasının hesabatı zamanı bu amillər nəzərə alınır. Ancaq konstruksiyaya müdaxilə edilməsi hər zaman üçün qəti qadağandır. Binalarda təmir işlərini sakinlərin və ya yer sahiblərinin ödəliyinə buraxmamaq üçün inşaatı gerçəkləşdirən şirkətlər təmir işlərini də özləri layihəyə uyğun görüb məsuliyyətli şəkildə təhvil verməlidir. Azərbaycanda 1990-ci illərin əvvəllərindən dəbə minmiş təmirsiz mənzil satışı, əslində biznes məqsədilə evlərin ucuz satılması siyasətinə görə edilirdi. Halbuki şirkət material və avadanlığı topdan aldığı üçün təmir də sakinlər üçün münasib qiymətə gələ bilər. Qəribə vəziyyət yaranır: bina istismara verilib, ancaq bəzi sakinlər evi aldıqları halda imkan olmadığından 2, 3 və ya 4 il sonra təmirə başlayırlar. Bunun nə olduğunu yəqin hər kəs bilir. Səs-küy, toz, su basmalar və s. Mənzil təmiri zamanı hər ağızdan bir səs çıxır desək yanılmarıq. Kimisi divarın yerini dəyişir, kimisi daşıyıcı divarda qapı yeri açır. Bunu kontrol altına almaq da çox çətindir. Məncə, inşa edilən hər bir binanın istər iş yeri, istərsə də yaşayış binası olsun, bir idarə sistemi yaradılmalı və birmənalı olaraq təmir işləri xüsusi nəzarətə alınmalıdır. 

İstənilən halda hər bir binanın bir istismar dövrü var və bu dövrün sonunda onun vəzifəsi bitmiş sayılır. Bu kimi vəziyyətdə bina diqqətlə müayinə edilməli, daha sonra müdaxilə qaydaları müəyyən edilməli, metodologiya ortaya qoyulmalı, maliyyət analizləri nəzərdən keçirilməli və nəticələnməlidir.   Türkiyədə belə halları qarşılamaq üçün vizual maarifləndirmə kursları təşkil edilir. Bu sistem 2013 ildən fəaliyyət göstərir.

Comments are closed.