Written by

“Yol xəritəsi”, hostel və hotel tikintisi, turist məmnunluğu…

Düşüncələrim| Views: 3644

Memarlıq üzrə əsas profilim mehmanxana və bənzər inşaat üzərinədir. Uzun illər Türkiyədə memar olaraq fəaliyyət göstərmişəm və turizm sektoru ilə iç-içə işləmişəm.

Turizm bizim təbii ehtiyatlarımız kimi bir nemətdir. Bu nemətdən doğru faydalanmaq lazımdır. Türkiyədə yaxşı bir atalar sözü var, deyirlər ki, “Müşteri velinimetimizdir”. Bu səbəbdən Türkiyədə xidmət müştəriyə indekslənib. Niyə məhz Türkiyəni nümunə gətirirəm? Çünki hər kəs çox gözəl bilir ki, Türkiyədəki xidmət sektoru dünyada bəlkə də birincidir. 

Turizm sektorunda Türkiyə təcrübəsindən yararlanmalıyıq və xidməti yüksək səviyyəyə qaldırmalıyıq. Əks təqdirdə istənilən qədər bahalı, dəbdəbəli əyləncə mərkəzi, müasir hotel inşa etməyin mənası olmayacaq. Səviyyəsiz servis müştərinin itirilməsinə gətirib çıxaracaq.

Bu, öz növbəsində bizi müştəri sinfini seçməyə də vadar edir. Son illər Azərbaycana səfər edən ərəb turistlərinə qarşı xoşagəlməz duyğuların olduğunu da müşahidə edirik. Ancaq turist sırf ərəbdən ibarət deyil. Turistin kim olduğunu, nə istədiyini bilmək və xidməti o istiqamətdə balanslaşdırmaq lazımdır. Bu əsnada mentaliteti də prioritet məsələ olaraq düşünmək vacibdir.

Turizmə töhfənin artırılması üçün ilk növbədə xidmət səviyyəsini yüksəltmək, fəaliyyət növlərini artırmaq və son olaraq keyfiyyətə fikir vermək ən önəmli məsələlərdir. Yoxsa Azərbaycanın hər tərəfində mehmanxana inşa etməyin adı yoxdur, xidmət və keyfiyyət aşağıdırsa, əməlli-başlı turist gözləməyin.

Turizm sadəcə qısamüddətli pul qazanmaq vasitəsi olmamalıdır. Turist gəldiyi yerdən məmnun qalmırsa, o yer haqqında mənfi rəy verməklə ölkə maraqlarına ciddi ziyan vurur. Pis xidmət həm ölkənin adına xələl gətirir, həm də turist potensialını endirir. Ölkəmizdə turizm polisinin yaradılmasına da ehtiyac duyulur. Xüsusi təlim keçmiş polis əməkdaşlarının səlahiyyəti dəqiqləşməli, turistlə davranmağın qaydaları müəyyən edilməlidir. Özəl kurs keçən turizm şirkət rəhbərlərinin olması, xidmət səviyyəsinin artırılması üçün nümunəvi hotellərin inşası, oradakı personalın xüsusi təlimatlandırılması vacibdir.

Uzun sözün qısası, xidmət və fəaliyyət sahələrinin keyfiyyətini artırmadan Azərbaycana turistin gəlməsi heç məqsədəuyğun deyil, çünki bu bizim üçün bir itkidir.

Amma Azərbaycana turist axını güclənir. Hotel tikintisi isə axının tempindən geri qalır. Xüsusilə də “ekonom klass” hostellərin inşası məsələsində. Çoxlu turisti yerləşdirməyə imkan verən hostellərin inşasının sürətlənməsi üçün nə etməliyik?

Ölkədə hostel və hotellərin sayının artması üçün öncə bir yol xəritəsi hazırlanmalıdır.  Azərbaycanın turist potensialı müəyyən edilməli, xəritəyə uyğun inşaata icazə verilməlidir. Hazırda “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələr aparılır. Bu prosesdə Prezident Administrasiyası, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsi kimi qurumlar da iştirak edir. “Yol xəritəsi”nin tam formatda hazırlanıb cəmiyyətə təqdim edilməsi turizm sektoru üçün inşa ediləcək keyfiyyətli hostel və hotel tikintisinin sürətlənməsinə təkan verə bilər.

Comments are closed.