Bakının elə də yaşıl şəhər olmadığını hər dəfə hava limanına təyyarə ilə enəndə çox asanlıqla görürük. Deyək, London kimi yaşıllığa qərq olmuş şəhərlə müqayisədə Bakı daha çox yarımsəhranı xatırladır. Əlbəttə Abşeron yarımadasının iqlimi əsasən mülayim isti və quru subtropikdir. Belə şəraitdə ağac yetişdirmək, yaşıllıq salmaq özü bir igidlikdir.
Dədə-babalarımız bu torpaqlarda əncir, üzüm, zəfəran yetişdiriblər. Öz-özünə də dəvətikanı, razyana, qanqal hər yerdə bitib. Əhalinin də sıxlığı elə də böyük olmayıb. Amma indi vəziyyət dəyişib. İnsanların ümumi sayı 4 milyona çatıb, hər addımbaşı göydələn, nəhəng supermarket, əyləncə mərkəzi tikilib. Bircə metr boş yer tapmaq müşkülə çevrilib.
Hansı tikinti şirkəti bir qədər pul xərcləyib boş torpaq aldısa, deməli bu yerdə mümkün qədər çox ev və obyekt tikəcək. Ağac nədir, heç uşaqların oynaması üçün 5-10 metr boş yer saxlamazlar. Binaları elə yaxın tikirlər ki, bir qonşudan rahatlıqla digərinə keçmək olur. Şəhərdə nə təmiz hava qalıb, nə də dəniz küləyinin rahat axması üçün məsafə. Yayda şəhər lap cəhənnəmi xatırladır, bir azca kölgə tapmaq qəliz məsələdir. Nə vaxtsa əkilən ağaclar kəsilir, yerinə növbəti göydələn tikilir. Bakının 1980-ci illərdəki durumunu əks etdirən açıqcaları xatırlayanlar, yəqin, az deyil. O görüntülərdəki yerləri indinin Bakısı ilə müqayisə edib fərqi açıq-aydın görmək olar.
Sözsüz, Bakının Dənizkənarı milli parkı, Şəhidlər xiyabanın yerləşdiyi Dağüstü parkı, Nəbatat bağı, Mərdəkanda yerləşən Dendrarisi var. Bu məkanlarda istirahət etmək insana zövq verir, amma artan şəhərin yaşıllığı olan ehtiyacını ödəmək üçün yetərli deyil. Bakının bundan qat-qat artıq bitkiyə, ağaca tələbatı var.
Əslində “şəhəri necə yaşılaşdıraq” sualının cavabı da çox əhəmiyyətlidir. Hər ay iki-üç dəfə ağacəkmə aksiyası keçirmək, şəhərin müxtəlif yerlərində çoxlu sayda ağac əkmək də olar. Amma nə olsun? Əgər bu işi bir müntəzəm qaydada görməsək, əkilən ağaclara lazımı qulluq göstərməsək, deməli, zəhmətimiz hədər gedəcək. Pərakəndə, adda-budda əkməkdənsə, sistemli, düşünülmüş bir plan cızmaq düzgün olmazdımı?
Məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əmsallarına görə nəzərdə tutulan inşaat sahəsi ilə yanaşı əlavə yaşıllığın və ağac əkininin də sistemləşməsi yaxşı ideyadır. Bunun standartını yaradıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin öhdəliyinə vermək də olardı. Bakıda nadir istifadə edilən binaların fasadlarında yaşıl divar öhdəliyini nümunə gətirmək olar. Bu nədir? Yaşı divar xüsusi texnologiya ilə hazırlanmış həmişəyaşıl bitkilərin şaquli yetişdirilməsi və onların sulanması sistemidir. Buna ən bariz nümunəni Bakının Fəvvarələr meydanında yerləşən avtomobil dayanacağının divarlarında görmək olar.
Qulluq görməyən ağac Abşeron şəraitində mütləq məhv olacaq. Uzaqbaşı hər əkilən yüzündən biri bəlkə tutar. Şəhərin baş planında mütləq və mütləq yeni tikililərin ərazisində parklara, fontanlara, əgər şərait imkan verirsə, su hövzələrinə yer ayırmaq lazımdır. Hər yeni tikilinin öz yaşıllıq zonası olmalıdır. Üstəlik, dünyanın hazırda yararlandığı yaşıl binaları da şəhərdə tətbiq etmək olar. Bu işə başı çıxan, peşəkar mütəxəssisləri cəlb etmək gərəkdir, çünki kortəbii iş bizə baş ağrısından savayı bir şey verməyəcək.
Bakını indikindən on qat yaşıl görməyi arzulayan hər bir sakin yaşıllaşma prosesinə qoşulmalıdır. Hərə bacardığı bir yolla şəhərin abadlaşmasına töhfəsini verməlidir. Belə etməsək, təmiz havanı pulla, oksigen balonlarında satan ölkələrin qapısını döyməli olacağıq.