FƏLSƏFƏ

Mən rasionalistəm!

Əslində fəlsəfə deyildiyi zaman mənim hər zaman ağlıma gələn aksiomlar və hipotezlərlə dolu "elm" dünyası olurdu. Bu dəfə isə bu sözü bilərək və vurğulayaraq seçdim.

Memarlıqda fəlsəfə yox, memarlığın fəlsəfəsi olur. Sadə dillə desək, bir ayaqqabı çox gözəl görünə bilər, amma o rahat deyilsə, əsas rolunu ifa etmiş sayılmır.

XX əsrin memarlığı XIX əsrdə memarlıqda geniş bir şəkildə istifadə edilmiş eklektizmə (müxtəlif tarixi üslubların, xüsusilə də dekorativ sənətlərin memarlıqda kompleks şəkildə istifadəsi) qarşı inkişaf edən tənqidi yanaşmalarla, bir üsyanla başlamışdır. İki fərqli qoldan inkişaf edən bu axının rasional özüllü başlanğıcını Adolf Loos, irrasional olanını isə Antoni Qaudi hesab etmək olar.

“Bəzək və Günah” fikri ilə binalarda heç bir dekorasiyanın istifadə edilməməsi tərəfdarı olan Loos texnoloji inkişafın və sosial məsuliyyətin hakim olduğu dövrün düşüncə və şərtlərini mənimsəmiş və 1920-1960-cı illəri əhatə edən Rasionalizmin qəti qələbəsinə yol açmışdır. Texnoloji inkişafın gətirdiyi yeni məhsul və istehsal metodlarından da faydalanan və keçmişlə əlaqəli hər bir formal münasibətdən imtina edən memarlıq Rasionalizmi ağıllı, dəqiq, asan həll edilən geometrik formaları və formanın funksiyanı izləməsini fikrini mənimsəmişdir.

Bəli, formanın funksiyanı təqib etməsi! Bu nə deməkdir? Qısaca, bu binanın formasının onun funksiyalarına əsasən hazırlanmasını tələb edən bir yanaşmadır və hətta, məncə, məcburiyyətdir. Bunun tərsini, yəni funksiyanın formanı izləməsi fikrini düşünmək belə istəmirəm. Təəssüf ki, bugün bu “axını” da izləyən memarlar az deyil.

Qayıdaq, öz dəstəklədiyim yanaşmaya. Özer F. da qeyd etdiyi kimi, bu axın xüsusilə İkinci Dünya Müharibəsinin yaratdığı iqtisadi şərtlərin tələbi və Bauhaus müəllimlərinin dünyaya yayılması ilə bütün məktəblərdə beynəlxalq stilin tək üsuluna çevrilmişdir. Avropaya nəzər yetirsək, görərik ki, onlar artıq rasionalist memarlığa doğru xeyli irəliləyiblər. Son texnologiyaların tətbiq edilməsi ilə kompakt, ehtiyaca uyğun və funksional layihələrin yayılmasında bu özünü əks etdirir. Dəbdəbəli xarici görünüşü olan və daxildəki funksiyaya əngəl törədən, bəzək uğruna "hər nə olur olsun, bu bina olsun, içini sonra düşünərik" fəlsəfəsi artıq XIX əsrdə qalmışdır.

Bir sözlə, memarlıq sahəsindəki rasionalist fəlsəfə mənə ehtiyaca görə funksiya, funksiyaya görə isə formanın yaradılmasını öyrədib. Bu yanaşmanın nəticəsi və ya üstünlüyü nədir? Qısaca deyim, itki və israf yoxdur və ya çox azdır. Məsələn, mənə iş otağı lazımdırsa, bu effektiv çalışmağıma şərait yaradacaq sahədən çox olmamalıdır.

Bu fikir təkcə memarlığın öz daxili ilə deyil, həm də yaşadığımız dünyanın bugünki dəyərləri ilə də uyğunlaşır. Keçmişdə iqtisadiyyatda istehsal ehtiyac yaradırdısa, bugünki iqtisadi fəlsəfə tələb edir ki, hər şeyin başında ehtiyacı düşünəsən. Bu ehtiyaclar da öz növbəsində dəyərləri yaradır. İstər memarlıq, istər iqtisadiyyat, istər ətraf mühit, istər təhsil, istər tibb, ya da başqa sadalaya biləcəyimiz bəşəriyyət üçün mühüm olan fəaliyyətlər öz dəyərlərini bəşəri ehtiyaclardan alarsa, sahib olduğumuz resurslara məsuliyyətlə yanaşarsa və nəticə olaraq bunlara uyğun ortaq dəyərlər formalaşdırarsa, bu da öz növbəsində inkişafımızın həm dayanıqlı, həm də bugünə kimi görülməyən sürətlə artmasına yol açar.

Bütün bunları düşünərək, öz fəaliyyətimdə rasionalist fəlsəfəni əsas tutub həmişə mövcud ehtiyacları, dayanıqlı memarlıq prinsiplərini və təhlükəsizlik standartlarını ən öndə dəyərləndirərək qərar verməyə çalışıram.

Əlbəttə, digər sahələr kimi memarlıq da inkişaf edir: daim yeni yanaşmalar ortaya atılır, yeni texnologiyalar yaradılır. Hazırki fikirlərimizi dəyişdirə biləcək və ya onları daha da möhkəmləndirəcək, inkişaf etdirəcək yeniliklərə hər zaman hazır olmalıyıq. Hətta onları biz də yarada bilərik. Bu səbəbdən fəaliyyətimiz təkcə memarlıq və inşaat layihələri qurmaq və onları idarə etmək deyil, eyni zamanda yeni axınları və texnologiyaları öyrənmək, öyrətmək və təbliğ etmək olmalıdır.