Written by

Bakının baş planı: mədəni, irsi dəyərlərimiz diqqətə alınacaqmı?

Düşüncələrim| Views: 3079

Bakının baş planı barədə çox danışılıb, mətbuatda yüzlərlə yazı gedib, televiziyada müxtəlif ekspertlərin çıxışları olub. Hətta illər öncə paytaxtın necə olacağını əks etdirən xeyli foto da yayılmışdı. Bu fotolarda şəhərimiz artıq tam modern, hətta daha çox Hollivud filmlərində gördüyümüz və gələcəyi xatırladan bir meqapolisə bənzəyirdi.

İnternetdə belə görüntülər tez-tez paylaşılır. Doğrudur, Bakı dəyişir, çoxlu yeni tikili ucaldılır, yol çəkilir, körpü salınır, amma nəsə bir az xaotik formada. Baş planın məqsədi şəhərin bir hissəsinin hissəsini deyil, tamamını bir obraz kimi görə bilmək üçündür. Baş plan gələcəyimizi hara doğru, hansı şəkildə inkişaf edəcəyimizi planlamaq üçündür.

Baş planda şəhərin sərhədləri adətən böyüyür, yeni məntəqələr meqapolisin bir hissəsinə çevrilir. Daha sonra elektrik, istilik, qaz və su təchizatı məsələləri əhali sayı nəzərə alınmaqla baş plana salınır. Avtomobil yolları, ictimai nəqliyyat, körpü və buna bənzər mühəndis qurğuları baş planda nəzərə tutulmalı, bütün bu işlər özünüidarəetmə qurumları ilə razılaşdırılmalıdır.

Bir sözlə, baş plansız ötüşmək mümkün deyil. Bir neçə gün öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni məlumatı paylaşdı. Bakının Baş Planının hazırlanması ilə bağlı açıq tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub.

Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihəni uğurla
icra edib. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İsgəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazisinin planlaşdırılması, sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston
Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitənin hazırladığı Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Alman şirkətinin tezliklə Bakını baş planını hazırlaması, üzdən həlli çətin görünən bir sıra məsələnin həllini sürətləndirməkdə kömək edəcək. Bakının təsdiqlənmiş maketə uyğun möhtəşəm bir şəhərə çevriləcəyinə ümid çoxalacaq.

Burada sual doğuran məqam yalnız budur: bizim mədəni, irsi dəyərlərimiz diqqətə alınacaqmı?

Comments are closed.