Written by

“Bakının mərkəzində iş, kənarında isə yaşayış yerləri olmalıdır” – MEMAR

Mətbuat| Views: 2196

Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi və təşkilində yeni texnologiyaların tətbiqi, dayanıqlı arxitektura prinsipləri və müasir rasional fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir. O, müasir texnologiyaların Azərbaycanda tətbiqini və yeni nəsil memarların yetişdirilməsini ən prioritet məsələlərdən sayır.   

Marja.az memar Söhrab Rəhimovla müsahibəni təqdim edir.

- Son 20 ildə Azərbaycan bir tikinti bumu yaşadı. Elə paytaxt Bakıda müasir memarlıq üslubunda yüzlərlə bina, göydələn ucaldılıb. Amma elm yerində dayanmır, dünyada hər gün yeni texnologiya kəşf olunur. Müasir memarlığın əsas istiqamətləri hansılardır?

- Hələ Sovet dönəmindən Azərbaycanda inşaat sektorunun özünəməxsusluğu duyulurdu. Hətta ayrıca Tikinti Nazirliyi də vardı. Ancaq Sovet İttifaqının dağılmasından sonra xaricdən gələn yeni texnologiyaya bir qədər adaptasiya problemi yaşandı. Axı, mühəndis və memarlar köhnə, artıq mövcud olmayan bir sistemin proqramı ilə təhsil alıb özlərinə uyğun qaydada fəaliyyət göstərirdilər. Amma dünya üzrə inşaat sahəsində öz sözünü demiş müəyyən standartlar var. Bunlardan ən etibarlısı, müəyyən dərəcədə bizə uyğun olanları Almaniyanın Standartlaşma İnstitutunun, yəni DIN - Deutsches Institut für Normung və Amerikanın Beton İnstitutunun, yəni ACI - American Concrete Institute standartlarıdır. Zamanında SSSR-də tətbiq edilən, hazırda MDB məkanında da tanınan dövlət standartı, yəni QOST və SNIP da DIN alman standartından qaynaqlanıb. İndiki dövrdə QOST-un digər standartlara görə çox geri qaldığını görürük. Bu da öz növbəsində əldə olunan məhsula öz təsirini göstərir. Rusiya SNIP standartlarını mümkün olduğu qədər yeniləməyə çalışır. Ancaq Azərbaycanın özünəməxsus bir standartı yoxdur. Biz QOST və SNIP ilə işləyirik. Türkiyə TSE (Türkiyə Standartlat Enstitüsü) adı altında ölkə daxilində bu strukturdan istifadə edir. Düşünürəm, bizim də Azərbaycan Standartlar İnstitutu adı altında bir bazamız olmalıdır. Amma velosipedi yenidən kəşf etməyin mənası yoxdur. Biz öz sistemimizi müasir və özünü təsdiqləmiş sistemlər üzərində qurmalıyıq.

- Bu gün memarlığa olan əsas tələb nədir?

- Paytaxt Bakıda son 10 ildə həyata keçirilən yeni layihələrin memarları və menecerləri xarici şirkətlərdə çalışan şəxslərdir. Məhz bu şirkətlər davamlı olaraq sistemi izləməklə ən müasir texnologiyaları Azərbaycana gətiriblər. Azərbaycan da bu inkişafdan öz payını götürür və artıq özünü bu sistemin bir parçası saya bilər. Hazırda dünya memarlığında maraqlı tələblər gündəmə gəlib. Layihə təşəbbüsü zamanı əvvəl diqqət edilməyən, ancaq indi çox önəmli faktorlardan biri olan ekoloji cəhətdən uyğunluq, layihənin istismarı zamanı xərclənən enerjinin bərpası, israfın qarşısının alınması, bir sözlə, təbiətə və ətraf mühitə isti yanaşmanı ehtiva edən inşaat planlaşması önə keçir. Yığcamlıq, tikinti betonlaşmasının mümkün qədər azaldılması, insana verilən dəyər,  yaşıllığın, təbiiliyin qorunması inkişaf etmiş ölkələrdə prioritet məsələdir.

 - İnşaat və memarlıq sahəsində dünyanın aparıcı ölkə və sistemləri hansılardır? Bu sistemlər arasında əsas fərq nədir? 

- Avropa ölkələrindən Almaniya, Hollandiya, İsveçrə, İngiltərə, Asiya qitəsindən Çin, Malayziya, İndoneziya və ayrıca ABŞ-ın adını çəkmək olar. Bunların arasında demək olar yanaşma fərqi yoxdur, çünki bir çox problem layihə dövründə həll edilir və layihəni əvvəlcədən müəyyən edilmiş standarta uyğun hazırlayıb icra edirlər. Məsələn, dünyanın bir çox aparıcı şirkəti layihə dizayn işləri üçün ən populyar sistem olan RIBA - Royal Institute of British Architects, yəni  Britaniya Memarlarının Krallıq İnstitutunun hazırladığı layihələndirmə üzrə iş planı ilə işləyirlər. Proses necə baş tutur? İş planı layihədə bütün sualların cavablandırılmasına və iş zamanı dəqiq büdcənin olmasına, doğru zamanda və keyfiyyətli bir şəkildə layihənin bitməsinə imkan verir. Bizdə bu praktika hələlik yetərincə tətbiq olunmur. Bir çox insan və şirkət əslində işin "açarı" sayılan layihəyə önəm və dəyər vermir. Bu səbəbdən də keyfiyyət, büdcə və zaman məfhumlarından ən az biri itirilir və vəsait itkisi qaçılmaz olur.

 - Dayanıqlı memarlıq anlayışı müasir memarlıqda aparıcı mövqeləri zəbt etməkdədir. Hər tikilən binanın təkcə davamlı, gözəl və funksional olmağı kifayət etmir. Tikinti həm də ekoloji baxımdan cəlbedici olmalı, təbii ehtiyatların qorunması baxımından düzgün inşa edilməlidir. Bu memarlığı necə qiymətləndirirsiniz? 

- İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu məsələyə yanaşma fərqlidir. Belə ki, bina öz ömrünü bitirdikdən sonra (əvvəlcədən planlaşdırılmış şəkildə) uçurulur və yerinə yenisi inşa edilir. Bu iqtisadi baxımdan çox vəsait tələb edir. Bəzi Avropa ölkələrində isə bina layihələndirilirkən onun təyinatını gələcəkdə dəyişmək də nəzərə alınır. Məsələn, hotel binası gələcəkdə xəstəxana binasına çevrilə bilər. Dayanıqlı memarlıq dedikdə bizim ağlımıza ilk gələn seçilmiş materialların dayanıqlılığı ilə başlayır. Təbii ki, dayanıqlı materialı seçərək biz həm ölkə iqtisadiyyatına, həm də istifadəçilərə xeyir vermiş olarıq. Ancaq dayanıqlılığı nəzərə aldığımız zaman eyni zamanda təhlükəsiz ekoloji layihələndirməni və enerji sərfini azaldan tikintini düşünməliyik.

Dayanıqlı memarlıq innovasiya və dəyişikliklər, etik standartlar və sosial cazibə, ehtiyatların qorunması və ekoloji təhlükəsizlik, iqtisadi səmərəlilik, layihənin estetik effektivliyi kimi dəyərlərə əsaslanır. Yeni memarlıq əslində şəhərsalmaya yeni yanaşmanın tətbiqi deməkdir. Əgər müasir texnologiyalar “ağıllı” əşyaların yaradılmasına təkan verirsə, artıq “ağıllı” ev, smartfon, məişət avadanlığı yaradılırsa, nədən Azərbaycanda “ağıllı” şəhərlər olmasın? Bu bir tərəfdən ekologiyanın və təbii sərvətlərin qorunmasına, digər tərəfdən isə meqapolislərin yeni formatda inkişaf etməsinə səbəb olacaq. Yeni düşüncə tərzi öz-özünü tənzimləyən memarlıq incilərinin inşasını ön plana çəkəcək.

 - Rəsmi və qeyri-rəsmi mənbələr Bakıda təxminən 4 milyona yaxın insanın yaşadığını bildirirlər. Şəhər, sözün əsl mənasında, xarici filmlərdə gördüyümüz hansısa bir nəhəng meqapolisi xatırladır. Sizcə, paytaxtın şəhərsalma konsepsiyası günün tələblərinə cavab verirmi? Ekoloji baxımdan Bakını necə qiymətləndirmək olar?

- Bu gün bütün dünyada əhalisinin sayı milyonlarla olan bir çox şəhər mövcuddur. Nizamsız və sıx infrastruktura malik bu şəhərlər həm təbiətə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Bunun əsas səbəbi isə binaların ətraf mühit və insan sağlamlığı amili nəzərə alınmadan inşa edilməsidir.

Şəhərlər inkişaf etdikcə şəhərə insan axını da çoxalır. Bu da mütəmadi olaraq diqqətdə saxlanılması vacib olan mövzudur. Ümumiyyətlə, şəhərsalma əsaslarına görə, Bakının mərkəzində iş, kənarında isə yaşayış yerləri olmalıdır. Bununla yanaşı bəzi ümumi nəqliyyat sahəsi və onlara aid qanunlara yenidən baxılmalıdır. İnsanlar daha çox ictimai nəqliyyatdan istifadə etməlidirlər. Yollar mümkün olduğu qədər bərabər genişlikdə olmalı, bunun kimi bir sıra məfhumlar daima nəzarətdə saxlanılmalı,  insanların rifahının yaxşılaşdırılmasına xidmət etməlidirlər.

Son illərdə Bakıda xeyli çoxmərtəbəli yaşayış binasının ucaldılması, şəhərə axının sürətlənməsi, şəhər ətrafında şəxsi evlərin inşasının artması infrastruktur ilə bağlı bir sıra ekoloji problemləri aktuallaşdırıb. Tikintidə beton, metal, plastik kimi “soyuq” materiallardan istifadənin çoxluğu əslində enerji itkisini xeyli artırır. Bakının ümumi mənzərəsinə diqqət yetirsək, göydələnlərin damlarındə, ətraf ərazilərdə yaşıllıqlara rast gəlmirik. İnkişaf etmiş ölkələrdə inşa edilən hər tikilidə mütləq günəş panellərindən istifadə edilir, alınan enerji isə binanın işıqlandırılması, qızdırılması və digər ümumi işlərinə sərf edilir. Bakıda alternativ enerjidən tam yararlana bilmirik.

Bakını ekoloji cəhətdən cəlbedici şəhərə çevirmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalı, mətbuatda və sosial mediada yeni memarlıq və tikinti konsepsiyalarını insanlara çatdırmalıyıq.

fed.az , businessinsider.az

Comments are closed.