Written by

Binanın enerji səmərəliliyinin artırılmasının cibimizə xeyri nədir? – ARAŞDIRMA

Mətbuat| Views: 3485

Mövcud binaların enerji səmərəliliyinin artırılması və yüksək enerji standartlarına cavab verən yenilərinin tikintisi enerji daşıyıcılarının qiymətinin artması fonunda hər zaman aktual olaraq qalır. Son 30 ildə xüsusilə Avropa İttifaqı ölkələrində çoxmənzilli binaların enerji səmərəliliyi məsələsi diqqət mərkəzindədir. Bu proses binaların enerji səmərəliliyi üzrə Aİ-nin 2010/31/Aİ direktivi (Directive 2010/31/EU on the energy performance of buildings – EPBD) ilə tənzimlənir. Sənədə əsasən 31 dekabr 2020-ci ildən sonra istismara verilən bütün binaların enerji istehlakı sıfıra yaxın olmalıdır. Aİ-nin üzvü olan ölkələr isə öz növbəsində bu istiqamətdə öz standartlarını işləyib hazırlayır və hansı binaların bu tipə aid olunacağını müəyyən edir. Məsələn İtaliyada istilik, ventilyasiya və soyutma sistemlərinin enerji istehlakının 50%-i bərpa olunan enerji mənbələrinin payına düşdükdə həmin binalar sıfıra yaxın enerji sərfiyyatlı sayılır.

Report“un araşdırmasına əsasən, postsovet məkanına daxil olan ölkələr də bu tendensiyadan kənar qalmayıblar. Azərbaycanda olduğu kimi Baltikyanı ölkələrdə də sovet dönəminin mirası kimi çoxsaylı “Xruşovka” kimi tanıdığımız panel konstruksiyalı evlər qalıb. Təkcə Estoniyada ötən əsrin 60-cı illərində 6 minə yaxın bu tip yaşayış binası tikilib. Hazırda bu Baltikyanı ölkə Aİ-ni maliyyə dəstəyi ilə “Xruşovkaların” ağıllı enerji səmərəli evlərə çevrilməsini həyata keçirir. Köhnə binalarda fasad tamamilə yenilənir, günəş paneli ilə təchiz olunur, yeni pəncərələr, izolyasiya, isitmə və ventilyasiya sistemləri quraşdırılır. Mənzillərdə sakinlərə enerji sərfiyyatını görmək və ona nəzarət etmək imkanı verən “ağılı ev sistemi” ilə (Smart-Home-System) qurulur.

Bütün bu tədbirlər binada hər kv/metrə düşən elektrik enerji istehlakını 270 kVt/saatdan 90 kVt/saata salır. Modernləşmiş “xruşovkalar”da istilik enerjisinin istehlakı 50%-dən, qaz – 80%-dən çox azalıb. Həmin evlər üzərində quraşdırılmış günəş panelləri sayəsində istifadə etdiklərindən üç dəfə çox elektrik enerjisi istehsal edirlər. Bir çoxmənzilli binanın modernləşdirilməsinə 1 milyon avroya yaxın vəsait sərf edilir. Aİ bu vəsaitin yarısını ayırır, digər hissəni isə sakinlər 20 illik kreditlə ödəyirlər.

Yaxın qonşularımız da bu sahədə kifayət qədər ciddi addımlar atmaqdadır. Belə ki, Gürcüstanda dekabrın 1-dən yaşayış evlərinin enerji səmərəliliyinə dair yeni tələblər qüvvəyə minəcək. Yeni qaydalara əsasən, yaşayış binaları enerji səmərəliliyi sinfi “C”-dən aşağı olmamaq şərti ilə layihələndiriləcək. Bu, öz növbəsində 40%-ə yaxın enerjiyə qənaət etməyə imkan verəcək. Ukrayna isə daha da irəli gedərək “Binalarda enerji səmərəliliyi haqqında” qanun qəbul edilib. Aİ Ukraynada bu sahədəki layihələrin dəstəklənməsinə bu günə kimi 190 milyon avro xərcləyib.

Bəs Azərbaycanda enerji səmərəli binaların tikintisi və mövcud olanların səmərəliliyinin artırılması ilə bağlı vəziyyət nə yerdədir?

Bu gün paytaxtda mövcud olan binaların əksəriyyəti sovet dönəmində tikildiyindən enerji səmərəliliyi çox aşağı səviyyədədir. Bu onunla əlaqədardır ki, həmin evlərin tikintisi zamanı enerji səmərəli olub-olmaması müzakirə predmeti belə deyildi. Əsas məqsəd qısa zamanda əhalinin mənzil probleminin həll olunması idi. Bu minvalla çoxsaylı “Xruşov”, “Leninqrad” və sair layihəli evlər ortaya çıxırdı. Hazırda əksərən istismar müddətini başa vurmuş bu binalarda enerji itkisi addım başındadır. Ekspert hesablamalarına əsasən, paytaxtda olan binaların 1 kvadrat metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kVt/saat enerji sərf edilir.

Məsələni “Report”a şərh edən inşaat sektorunun layihələndirməsi və yeni texnologiyaların tətbiqinin təşkili üzrə ekspert-memar Söhrab Rəhimova görə, bizdə ənənəvi enerji xarici dövlətlərin bir çoxuna nisbətən çox ucuz olduğu üçün qədrini hələ bilmirik.

“Təbii haldır ki, istər yaşayış, istərsə də qeyri-yaşayış binalarının layihəsinə ciddi vəsait xərclənən binalarda enerjiyə qənaətə diqqət edilir. Çünki bu məsələlərin təməli məhz layihələndirmə mərhələsində qoyulur. Bura günəş işığının və enerjisinin, iqlimin özəlliklərinin, hava axınının nəzərə alınması kimi məqamlar daxildir. Enerji səmərəliliyinin artırılmasına çəkilən xərclər binanın təyinatına görə dəyişir. Belə ki, çox enerji tələbatı olan binalardan hotel, xəstəxana kimi bina ilə yaşayış binalarının tələbi eyni deyil. İstənilən halda çəkilən xərclər özünü doğruldur və 5-7 ilə geri qayıdır. Əfsuslar olsun, layihənin önəmini dərk etməyən və ona vəsait xərcləməyən investorlarımız çoxdur. Hərçənd ki, mühəndislik baxımından doğru hazırlanmış layihənin enerji qənaəti doğru olmayana görə təxminən 20-25%-ə, bəzi hallarda isə 40%-ə kimi çata bilər”.

İnşaat sektorunun layihələndirməsi və yeni texnologiyaların tətbiqinin təşkili üzrə ekspert-memar Söhrab Rəhimov

“Digər tərəfdən dövlət müxtəlif təşviqedici addımlar ata bilər. Bura vergidən azad etmə, müəyyən müddət üçün enerji tələbatına endirimlər aiddir”.

Enerji səmərəliliyinin artırılması sahəsində dünya təcrübəsinə toxunan ekspert enerjinin baha olduğu Almaniyanın təcrübəsindən yararlanmanın əhəmiyyətini qeyd edib:

“Yəni layihə hazırlanarkən artıq binanın istismar dövrünə hesablanmış illik enerji sərfiyyatı müəyyən edilir və layihəçilər bu sistemin enerji tələbatına zamin dururlar. Hər hansı nasazlıq və layihədə göstəriləndən daha artıq sərfiyyat zamanı layihəçi məsuliyyətə cəlb edilir. Digər tərəfdən dövlət müxtəlif təşviqedici addımlar ata bilər. Bura vergidən azad etmə, müəyyən müddət üçün enerji tələbatına endirimlər aiddir”.

Əmlak üzrə ekspert Ramil Osmanlıya görə, paytaxtda mövcud olan yeni və köhnə binaların 90%-ə yaxını enerji səmərəli deyil:

“Son illərdə müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tam da olmasa, bəzi addımlar atıblar. Bura sahə mülkiyyətçilərinin ümumi istifadəsinə aid olan sahələrin işıqlandırılması, pilləkən qəfəslərində, pilləkən meydançalarında, şaxtalarda görülən işlər aiddir. Köhnə binalarda bu məsələlər hələ də problem olaraq qalmaqdadır. Paytaxtın Binəqədi rayonunda pilot layihə çərçivəsində bir sıra çoxmənzilli binalarda bu istiqamətdə işlər görülüb. Ancaq müəyyən qədər qüsur hələ də var və tam olaraq gözlənilən nəticəni verməyib. Dövlət özü gəlib hansısa binada işıqlandırma və digər modernləşdirmə işlərini görməyəcək. Bütün bu işlər satınalma yolu ilə həyata keçirilir. Lakin layihələrin icrası zamanı müəyyən şəffaflıq normaları gözlənilməyib və satınalma zamanı çox ciddi qüsurlara yol verilib. Bəzi hallarda müvafiq layihəni icra edən qurumlar həmin sahədə heç bir təcrübəyə malik olmayan təsisatlar olub. Hərçənd ki, seçim zamanı bu məsələlərə ciddi diqqət olunmalı idi”.

Əmlak üzrə ekspert Ramil Osmanlı

“Enerji səmərəliliyi baxımından ən yüksək hesab edilən A sinfinə uyğun olan bina demək olar Bakıda yoxdur. Ola bilsin ki, B sinfinin tələblərinə cavab verən müəyyən qədər bina olsun. Lakin əksəriyyət C və ondan aşağı siniflərə aid binalardır”.

Ekspert mövcud tikinti standartlarının müasir çağırışlara cavab vermədiyi və yenilənməsinə ciddi şəkildə ehtiyac olduğunu vurğulayıb.

“Yeni tikilən çoxmənzilli binaların yeni infrastruktur üzərində dayanması məsələsinə daha ciddi diqqət edilməlidir. Paytaxtda elə ərazilər var ki, 5-10 çoxmənzilli yeni tikili 4-5 köhnə tikilinin infrastrukturunun üzərinə yüklənib. Bu baxımdan tikililərə, digər mərhələlərdə isə keyfiyyətə nəzarəti mümkün edəcək yeni standartlar işlənib hazırlanmalıdır. Enerji səmərəliliyi baxımından ən yüksək hesab edilən A sinfinə uyğun olan bina demək olar Bakıda yoxdur. Ola bilsin ki, B sinfinin tələblərinə cavab verən müəyyən qədər bina olsun. Lakin əksəriyyət C və ondan aşağı siniflərə aid binalardır. Yeni binaların tikintisi zamanı səmərəliliyin yüksəldilməsinə yönələn işlərin ümumi xərc portfelindəki payı artırılmalıdır. Bu gün bu tip xərclər ümumi portfelin 2-3%-ini təşkil edir. Lakin yaxın perspektivdə səmərəliliyin artırılmasına çəkilən xərclərin payının 5-6%-ə çatdırılması xüsusi əhəmiyyət kəsb edir”, – Osmanlı bildirib.

Comments are closed.