Written by

“Parkinq məsələsində xarici mütəxəsislərlə birgə işçi heyətinin yaradılması ideal həll yoludur” – ŞƏRH

Mətbuat| Views: 3207

“Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə, görülən işə xarici məsləhətçilər cəlb edilir”.

Bu sözləri ekspert-memar Söhrab Rəhimov Bakı Nəqliyyat Agentliyinin (BNA) parkinq məsələsinin həlli ilə bağlı xarici mütəxəssislərə müraciətinə münasibət bildirərkən söyləyib. Ekspert bəzi ərazilərdə xüsusi texnologiyalara ehtiyac ola biləcəyini vurğulayıb:

“Avtodayanacaqların texnologiyasına görə əcnəbilərə müraciət edilirsə, bu, doğru addımdır. Çünki parkinqlər inşaat üçün yer məhdudiyyəti olan bəzi ərazilərdə xüsusi texnologiyalar tələb edə bilər.

Avtodayanacaq anlayışında sadəcə təkmərtəbəli və ya çoxmərtəbəli, sadə dəmir və ya dəmir-beton konstruksiya nəzərdə tutula bilməz. Bu məsələdə yerli və xarici mütəxəssislərin birgə iş prinsipi çox yaxşı olar. Burada sadəcə avtodayanacaq inşa etməkdən söhbət getmir. Uyğun yerin ayrılması, nəqliyyatın analiz edilməsi kimi vacib amillər var.

İnsanların rifahı, şəhər mədəniyyəti üçün bu addımların atılması mühümdür. Xarici mütəxəsislərlə birgə işçi heyətinin yaradılması ideal həll yoludur. Çünki yerli və əcnəbi mətəxəssislərin məlumat alış-verişinə ehtiyacları var. Onların bizə texnologiya barəsində çox köməkləri ola bilər. Ancaq bu texnologiyanın hansı yerlərdə istifadə edilməsi üçün yerli mütəxəssislərlə birgə işləmək lazımdır.

Düşünürəm ki, bizdə yenilikçi mütəxəssislər çox qıtdır. Dünyaya açıq sinxron bir sistemimiz olsa, 10 il içində xarici mütəxəssislərə ehtiyacımız azalacaq. Ancaq dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə, xarici məsləhətçilər işə cəlb edilir. Bizdən fərqli olaraq, onlar bu işə məsləhət xidməti deyirlər”.

Mənbə: “MediaPost”

Comments are closed.