Written by

“Sovetski” deyilən məhəllə vardı…

Düşüncələrim| Views: 2839

Memarlıqda keçmişə daim bir həsrət olub. Məhz bu həsrəti Dünya memarlığında klassisizmə olan yanaşma ilə görmək mümkündür. Klassika heç vaxt ölmür. Ancaq bu klassisizm Qərbə aiddir. Bizim özünəxas memarlığımız və klassikamız var. Artıq 1900-cü illərin əvvəllərində olan üslub bu gün tam klassik adlandırıla bilər.

Eynilə Bakımızın ad ilə deyilən köhnə Sovet küçəsi, yəni “Sovetski” də klassik memarlıq nümunəsidir. Yaşlı qohumların söhbətlərindən “Sovetski plana düşüb“, “Sovetskidə evlər söküləcək” kimi ifadələri çox eşitmişəm. Özü də sökülmə prosesi 1955-ci ildən reallaşmalı idi. Hətta Brejnevin dövründə 7-ci paralel deyilən ərazidə “Sovetski”nin gələcəkdə necə görünəcəyi barədə nəhəng bir plakat vardı.

Sovet sistemində İkinci Dünya Müharibəsindən sonra ən prioritet məsələlərdən biri də insanların mənzillə təmin edilməsi idi. Məhz 5-illik planlarda bu gündəmdə olurdu və tikinti çox sürətlə aparılırdı. Başlıca deviz isə “Minimum Komfort maksimum Mənzil” idi. 5 və 9 mərtəbəli
yaşayış kompleksləri şəhərin demək olar hər tərəfində görülür.

Bu gün “Sovetski”nin sökülməsi də həmən sovet dövrünün yarım qalmış planıdır. “Sovetski”nin yerində parklar və yollar salınmalı, Nəriman Nərimanov prospekti boyunca isə siluetlə 9 mərtəbəli binalar inşa edilməliydi.

“Sovetski”də tarixi dəyəri olan bir çox memarlıq əsəri var. Bir qeyd edim ki, bir tikilinin tarixi dəyər qazanması üçün aşağıdakı faktorlar çox vacibdir və söküntü işlərindən öncə bunları xüsusi komissiya araşdırmalıdır.

O tikili hər hansı bir tarixi hadisəyə şahidlik etməlidir.

O tikilinin önəmli bir memari axıma aid olmalıdır.

O tikilinin tarixi abidə olmalıdır.

O tikilinin önəmli xüsusiyyətləri və ən az 90 illik keçmişinin olmalıdır.

Bunları sadalamağımın səbəbi tarixi abidələrə qarşı duyduğum rəğbətdir. Biz öz tariximizi maksimum qorumalıyıq və dəyər verməliyik.

“Sovetski” də Bakının bütünlükdə olmasa da, tarixinin qismən daşıyıcısıdır. Burada yaşayan şəxslər qonşuluq ünsiyyətinə çox həssas insanlardır. Köçürülmə zamanı onların eyni kompleksdə yerləşdirilməsi, həyatın keyfiyyətini artırmağa, daha rahat yaşamağa imkan yaradar.

Comments are closed.