Written by

Tarixin tozunu udsaq da, özünü görə bilmirik

Düşüncələrim| Views: 2298

Uzun illərdir müşahidə etdiyim və yazmaq üçün haradan, nədən başlayacağımı bilmədiyim bir mövzu var: tarixi abidələrin qorunması mövzusu. Hər dəfə tarixi bir abidəyə bir mismar vurulduğunu, hansısa daşın kor-koranə təmizlənmək məqsədilə ovulduğunu görəndə ürəyim ağrıyır.

Bu istiqamətdə çox iş görməliydik, amma geridəyik. İtirilən vaxta heyfsilənirəm. Düşünürəm, Azərbaycan Memarlıq və İnşaat Universitetində mütləq “Memarlıq Tarixi”adlı kurs və onun daxilində isə mütləq tarixi abidələrin necə qorunmasına və bərpa edilməsinə dair bölüm olmalıdır. Yəni bu dərs sadəcə bərpanın tarixini yox, eyni zamanda texnologiya və metodologiyasını da öyrətməlidir. Paralel olaraq isə Tarixi Abidələrin Qorunması Qurumu yaradılarsa, yolun yarısından çoxunu qət edərik, məncə.

Gördüyüm qədər bərpa-təmir işlərinə ən açıq yerli nümunə sovet dövründə fəaliyyət göstərmiş “Bərpaçı”idi. Ancaq ola bilsin ki, o dönəmin şərtləri bərpa işlərini lazımi tərzdə icra etməyə şərait yaratmırdı. Tarixi abidələrin yenilənməsi barədə çox ətraflı yazmaq istəyirəm. Ancaq düşünəndə görürəm ki, yazmaqla iş bitmir.

Bərpaçılıq – bir elm olaraq tədris edilməli, ən az 2 il öyrədilməlidir. Bu sahənin turizm sektoruna da çox böyük təsiri var. Xarici turistlərin ölkəyə səfəri zaman qədim tikililərin bərpa edilmiş bir abidə olmasını görmələrini istəməzdim, çünki utanıram.

Götürək tarixi abidə olan bir binanı. Onun daş üzlüyündə illərcə “patina” deyilən təbəqə əmələ gəlir. Bu həmən o tarixdir ki, pul ilə düzəldilə bilməz. Əlində yonma daşı olan bir fəhlə də üzlüyü təmizləyir düşüncəsi ilə bu tarixi yox edir. Bu açıq-aydın vandalizmdir. Şəhər tarixinin tozunu insanlarımız udur, amma görə onu bilmir.

Tarixə qayğı ilə yanaşmaq əcdadlarımıza edilən hörmət və gələcək nəsillərə qoyacağımız zəngin miras deməkdir. Bu işdə vətənə sidq-ürəkdən xidmət etməyə hazıram.

Bərpa işindən hələ çox yazmalı, danışmalı, maarifləndirməliyik.

Ardı var…

Comments are closed.