Written by

Yanğından necə sığortalanaq? – Ekspertlər danışır

Mətbuat| Views: 3592

Bakıda ard-arası kəsilməyən yanğın halları ilə daim üzləşirik. Yüksək mərtəbəli binalar, ictimai obyektlər, böyük ticarət mərkəzləri yanğın səbəbindən yararsız hala düşür. Bəs niyə bu baş verir? Biz hansı qaydaları gözləmirik?

Məsələ ilə bağlı Anews.az saytına açıqlama verən inşaat sektorunun layihələndirməsi və yeni texnologiyaların tətbiqinin təşkili üzrə ekspert-memar Söhrab Rəhimov bildirib ki, yanğının baş verməsi hər zaman gözlənilən haldır.

“Bu durumda vəziyyət ikiyə ayrılır. Birincisi layihə əsnasında yanğından mühafizə ssenarisinin doğru tərtib edilməsi, ikincisi isə tərtib edilmiş ssenariyə inşaat zamanı sadiq qalmaqdır. Bu ikisindən birinə riayət olunmadığı halda neqativ nəticə qaçılmazdır.

Bina inşa edilərkən yanğın təhlükəsizlik qaydaları nəzərə alınır. Çünki nəzərə alınmasa, layihə sənədləri ekspertizadan keçməz və tikintiyə icazə verilməz. Ancaq inşaat bitdikdən sonra binanın layihəyə uyğun olub-olmadığına baxmaq lazımdır. Bunu da müvafiq qurumlar mütləq tələb etməlidir.

Yanğın ilk növbədə insan həyatını təhlükəyə atır. Xüsusilə də göydələnlərdə xilas olmaq olduqca çətindir. Əgər şəxsi evdə yanğın zamanı xilas olmaq üçün küçəyə çıxmaq kifayət edərsə, 20-30 mərtəbəli binada çox insan elə tüstü səbəbindən boğulur, özünü aşağı çatdıra bilmir. Bəzən panika üzündən hətta özünü aşağı atanlar da olur.

Ekspert yanğından başqa qaz, elektrik kimi təhlükələrin də mövcud olduğunu vurğulayıb: “Yuxarıda qeyd etdiyim kimi inşaata başlamazdan əvvəl layihələndirmə əsnasında yanğın evakuasiya ssenarisı tərtib edilir. Bu işin əsas hissəsidir. İnsan həyatı prioritet məsələ olduğu üçün həyatı təhlükəyə atacaq bütün amillər nəzərə alınmalıdır. Yanğın sadəcə bunlardan biridir. Yanğından başqa qaz, elektrik kimi təhlükələr də mövcuddur. Bunların hamısı doğru şəkildə tənzimlənməli və onlara mütləq əməl olunmalıdır. Bu qaydalarla oynamaq ölümlə rəqs etməyə bənzəyər.

Evakuasiya planlarında insanları qorumaq və təhlükəsiz sahəyə yönləndirmələr nəzərə alınır. Azərbaycanda bir neçə şirkətdə vaxtaşırı evakuasiya təlimləri keçirilir və insanlara bununla əlaqədar tədris verilir. Xaricdə isə tək yanğın deyil hətta təbii fəlakətlər üzrə – zəlzələ, daşqın, uçqun kimi hallarda nə etmək gərək olduğu tədris edilir.

Mən təklif edərdim ki, bu təlimlər orta məktəblərdə və ali təhsil ocaqlarında keçirilsin. Yanğınla yanaşı bütün fəlakət ssenarilərı da qələmə alınsın. Bundan başqa yaşayış binalarının mütləq idarə heyəti yaradılsın və orada çalışan əsas işçilərdən biri müvafiq qurumların təmsilçiləri ilə birgə əhalini maarifləndirsin. İnşa edilmiş və əhalinin məskunlaşdığı yerlər daima yoxlanılaraq nəzarətdə saxlanılmalıdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, hər hansı bir fövqəladə vəziyyətdən yüz faiz sığortalanmaq deyilən bir anlayış yoxdur: 
“Lakin yanğının qarşısını profilaktik tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə almaq olar. Bunun üçün idarələrdə açıq oddan istifadə etməmək, siqareti yalnız təyin olunmuş yerdə çəkmək, idarədə təmir, yenidənqurma işləri aparılarsa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə aparmaq, yanğınsöndürməyə qarşı olan bütün vasitə və avadanlığın n işlək olmasını nəzarətdə saxlamaq, yanğın qrupları ilə mütəmadi təlim keçmək, təzə işçi işə götürüləndə, yaxud idarəyə kənar şəxs gələndə, onu yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlandırmaq lazımdır”.

Ekspert yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartlarının “Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlədiyini qeyd edib:

“Bu qanunda göstərilib ki bütün idarə və müəssisələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyektlərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmalıdır. Yanğın təhlükəsizliyinin təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərkən davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. Daha sonra iş yerlərində “yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqəladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar. İdarələrdə yanğından mühafizə üçün yanğın sensorları, yanğın hidrantları, yanğın şitləri tam komplekt – yanğınsöndürən balon, bel, balta, ling, qum, vedrə, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə, yanğının qarşısını almaq üçün vasitələrdir”.

Elmar Nurəliyev yanğınların növləri barədə də məlumat verib:

“Yanğının bir neçə növü var: bərk materialların alışıb yanmasından baş verən yanğın, qaz halında olan maddələrin alışmasından baş verən yanğın, maye halında olan maddələrin alışmasından baş verən yanğın, partlamaya meylli maddələrin alışmasından baş verən yanğın və elektrik qısaqapanmasından baş verən yanğın. Bunların hərəsinin özünə uyğun yanğın söndürmə vasitələri və qaydaları var. Ona görə idarələrdə texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına riayət olunmalıdır ki, bədbəxt hadisələr baş verməsin .

Bəzi plazalarda yanğın təlimləri keçirilir. Bu çox yaxşı tendensiyadır. Amma çox təəssüf ki, bu çox az yerdə baş verir. Bəzən təşəbbüs olsa belə, insanlar yığılmır, buna maraq göstərmirlər.

Yaxşı olar ki, iş yerlərində, məktəblərdə, metrolarda yanğına qarşı praktik təlimlər keçirilsin və insanlarda fövqəladə vəziyyətdə necə davranmalı olmaları barədə maariflənmə olsun. Bakıda hündürmərtəbəli xeyli sayda bina var. Yanğın zamanı necə davranmalı olduğunu bilməyən insan liftdən istifadə edə bilir. Ancaq binada yanğın baş verən zaman ilk olaraq işıqları kəsirlər. Bu da daha ağır nəticələrə gətirib çıxara bilir. İnsanları bu məsələlərlə bağlı məlumatlandırmaq mütləqdir”.

Comments are closed.