Written by

Müasir – ağıllı və kompakt mikrorayonlar inşa etmək istəyiriksə…

Düşüncələrim| Views: 3946

Ölkəmizdə islahatlar dönəmi başlayıb. Bu islahatları yəqin ki, hər bir sahədə müşahidə edəcəyik və bu, çox sevindirici haldır. 

Layihə idarəetməsində belə bir deyim var – “Dəyişikliklər hər zaman yaxşıdır”. Əgər dəyişikliklərə tələb varsa, o həyata keçməlidir.

Uzun müddətdir, yazılarımızda inşaat və şəhərsalma mövzularına toxunurduq. Bu gün də mövzumuz aktual olaraq qalır. SSRİ dövründə mikrorayon anlayışı ətraf mühitin qorunmasından tutmuş, əhalinin sosial yaxınlaşmasına kimi xitab edirdi. Hər bir qrup-bina üçün orada yaşayan əhalinin sayına uyğun uşaq bağçası, məktəb, yaşıllıq, park və sair nəzərə alınırdı. Burada bir problem yoxdur. Eyni şəhərsalma nizam-intizamı ilə yenə də davam edilə bilər. Yalnız köhnə tikinti əmsalları ilə deyil. Texnologiyanın inkişaf etdiyi, nüfuzun artdığı bir dövrdə, SSRİ dövründəki tikinti əmsallarını indiki zamanda tətbiq etmək yanlışdır. 15, 20 mərtəbəli binalar artıq göydələn sayılmadığı, müasir texnologiyalar ilə daha mürəkkəb inşaatlar tikilə bilən və 1m2-a düşən insan sayının artışını nəzərə alaraq təbii ki, inşaat əmsallarının artırılması bizə daha müasir, uzunömürlü binalar inşa etməyə imkan verir.

Düşünün ki, yüksək əmsalla həm ümumi inşaat sahəsi artır, həm də kompakt mənzil dizaynı ilə daha çox mənzil inşa edilir. Mənzillər insanların bütün ehtiyaclarını qarşılayacaq şəkildə, sahələr israf edilmədən kompakt formada layihələndirilməlidir. Kompaktlıq darısqallıq deyil. Bütün ehtiyacların ən doğru şəkildə və birlikdə nəzərə alınması deməkdir. Bəzi mənzillərdə layihəyə baxdıqda girişin otaqlardan və ya dəhlizlərin toplam sahəsinin otaqlardan böyük olduğunu müşahidə edirsiniz. Bu, layihəçilərin səriştəsizliyindən irəli gələn amillərdir.

İnsanlar bu yaşayış sahələrinə vəsait ödəyirlərsə, haqlarının itirilməsini istəməzlər. Köhnə mikrorayon binalarının aqibəti haqqında fikir irəli sürmək, hətta mənzil haqqında anlayışlara bir qədər müdaxilə etmək istərdim. Sovetlər dönəmindən qalmış mənzillərin layihələrini bəzilərimiz bəyənirik, bəzilərimiz isə yox. Bəyənilməyən hissənin əsas səbəbi isə mənzillərin öz sözlərimizlə desək “darısqallığı”dır.

Bəli, o dönəmdə prioritet məsələ insanları qısa müddətdə mənzil ilə təmin etmək idi. Bu səbəblə mənzillər komfortsuz və sürətlə inşa edilirdi. Ancaq layihəyəndirməyə və təməl ehtiyaclara diqqət edilirdi.

Unutmamalıyıq ki, dünya üzrə gələcəkdə ən çox problemin yaşanacağı sahə məhz enerji və su ehtiyatları çatışmazlığına görə olacaq. Rahatlıq dedikdə, bizə mənzilin layihəsi ilə yanaşı, funksionallığı da vacibdir.

Kompakt mənzillər demişkən, bu mənzillər öz içində bütün funksiyaları cəmləşdirir. Belə ki, mətbəx, sanitar qovşaq, duş, çalışma və dincəlmə məkanı kimi funksiyalara sahibdir. İstismar baxımından bir qədər öyrəşilməyən ola bilər. Çünki lüks və geniş deyil. Ancaq bu kimi məkanların da ehtiyac sahibləri çoxdur.  

Kompakt mənzilə aid nümunə :

Biz müasir mikrorayonlar inşa etmək istəyiriksə, bir qədər düşünməliyik. Başlanğıcda şəhərsalma prinsipləri ilə birgə gənclərin, tələbələrin, təkuşaqlı, ikiuşaqlı, üçuşaqlı, çoxuşaqlı, yaşlılar kimi kateqoriyalar faiz nisbətində hesablanmalı və layihə tiplərini bu nisbətlərə görə bölməliyik. Daha sonra enerji təsərrüfləri nəzərə alınmalıdır.

Bu konseptlərin balkon məhəccərləri yerinə, suisitmə və günəş elektrik panelləri əlavə edərək enerji istifadəsinə təxminən 25% təsərrüf etmək mümkündür. Bundan əlavə, istifadə edilmiş suların yüksək təmizləmə üsulu ilə təkrar (texniki su olaraq) istifadəsi mümkündür. Bunun kimi bir sıra təsərrüf imkanları sadalamaq mümkündür. Sadaladığımız alternativ enerji mənbələri, enerjinin təsərrüfü üçün binaların idarəetmə sistemləri də ağıllı sistem olmalıdır. Buna da qısaca bir neçə misal çəkmək olar.

Məsələn, binanın işıqlandırılması qaranlıq düşdükdə işə salınır, həyətdə və ya insan hərəkətinin olduğu yerlərdə enerji ehtiyaca görə verilir. Eyni zamanda, hərəkətdən enerji əldə edilir, binanın isidilməsi və ya soyudulması ehtiyaca, tələbə uyğunlaşdırılır, müəyyən periodlarla isidilir və ya soyudulur. Suyun ehtiyacdan çox sərf edilməməsi üçün bəlli zaman periodları ilə su kəsicilər və sairə kimi texnologiyaları sadalamaq olar. Bir sözlə, israfı önləmək üçün enerjiyə qənaət devizi altında ancaq və ancaq ehtiyaca uyğun sərf edilməsinə görə düzənlənən bir sistem əldə edilir.

Yeni mikrorayon konseptlərinin ana xətləri, kompaktlıq, funksionallıq, ağıllı sistemlər və ətraf mühit dostu olduğu zaman biz gələcək və ümumi enerji böhranı ilə rahat ayaqlaşa bilərik. Əks təqdirdə, dünyada bu böhran başladığı zaman biz bundan kənarda qala bilməyəcəyik və inteqrasiyada böyük çətinliklər yaşayacağıq.

Comments are closed.