Written by

Sürətlə artan Bakıda sosial xidmət sahəsini genişləndirə bilirikmi?

Düşüncələrim| Views: 2281

Bakının sürətlə böyüməsi, əhalinin təbii artımı bəzi məsələlərin həllinə daha diqqətlə yanaşmağımızı tələb edir. Müasir sivilizasiya yaşayışın daha çox böyük şəhərlərdə, göydələnlərin yer aldığı meqapolislərdə olacağına şərait yaradır. Dünyanın hər yerində “darıxdırıcı” həyatdan qaçaraq əhalisinin sayı milyonlarla olan şəhərlərə üz tutan insan axınının ardı-arası kəsilmir.

Kənddə insana cənnət bəxş etsən belə, orada qalmaq istəmir. Hər dəfə baş verən iqtisadi böhranlar isə daxili miqrasiyanı daha da gücləndirir. Hətta ən inkişaf etmiş ölkələrdə bu proses dayanmadan kənd əhalisini böyük yaşayış mərkəzlərinə tərəf “qovur”. Şəhərdə həm iş tapmaq asandır, həm yaşayış səviyyəsi yüksəkdir, həm də yaxşı istirahət etmək və mədəni tədbirlərə qoşulmaq olar. Bundan başqa böyük şəhərlər haqqındakı “nağıllar” da öz təsirini göstərir. Ancaq bəzi insanlar da şəhər həyatına alışa bilmir və nəticədə şəhərdə kənd tərzi ilə yaşayırlar.

İnformasiya dövründə meqapolis həyatının üstünlüklərini internetdə asanlıqla görə bilən insanlar daha yaxşı həyatın dalınca şəhərə üz tuturlar. Amma bu axın, həmçinin şəhərdəki təbii artım bir çox problemlərin operativ həllini tələb edir. İnsan ən azı ən vacib tələbatını hansısa yolla ödəməlidir. İş tapmalı, özünü evlə təmin etməli, uşaqları bağçaya və məktəbə yerləşdirməlidir. Bundan əlavə ailənin dolanışığı üçün məskunlaşdığı rayonda kifayət qədər gündəlik tələbat malları və digər satış yerləri olmalıdır.

Azərbaycanda bəzən sürətli ev tikintisi bu sosial xidmətlərin təklif edilməsi prosesindən geri qalır. Yaşayış binası tikilir, təhvil verilir, insanlar bura köç edir. Bəzən də bina təhvil verilmədən. Amma uşaq bağçasının, orta məktəbin, bərbərxana və xəstəxananın, kifayət edəcək qədər supermarketin, uşaq meydançalarının, maşın dayanacaqlarının və digər xidmətlərin olmadığı aşkarlanır. Bu infrastrukturun qurulmasına azı 5-6 il zaman itirilir. Nəinki bu tip, hətta təzə tikilən evlərdə təbii qaz, internet, şəhər telefonu kimi həyat üçün vacib olan xidmət növləri olmur. Hətta su belə vaxtı-vaxtında verilmir.

Axı, məsələ təkcə bununla bitmir. Böyüyən nəsil idmanla məşğul olmaq, əyləncə mərkəzinə getmək, fəal həyat sürmək istəyir. Kimsə şahmatı sevir, kimsə də rəqsi. Binaların ətrafında yaşıl zolaqların salınması məsələsi də axsayır, bu işi məqsədli, hər hansı bir plana uyğun görən bina sahibləri çox azdır. Daha çox təbiəti sevən insanların gücü ilə bəzən yaşıllıqlar salınır.

Dünyanın inkişaf etmiş ölkələrində qanunun bir tələbi var: qanunvericilikdə icazə verilən şəkildə tikmək və istismara vermək. İnfrastrukturu olmayan binanı, ya da böyük yaşayış kompleksini qəbul etməzlər, orada yaşayış olmaz. Su, istilik, işıq, internet kimi xidmətlər mütləq satış paketinə daxil edildiyi kimi, bu binalarda uşaq bağçası və kimyəvi təmizləmi məntəqəsinin olması da vacibdir.

Yaşayış binasında normal infrastrukturun olması tələbi qanunda dəqiq əksini tapmalı, buna da heç bir güzəşt olmadan əməl edilməlidir.

Mənzil və ya ev insan həyatında təxminən 1 dəfə investisiya edilən, insanın yuvası, qalası sayılan yatırımdır. Təbii ki, hər insan evindən sonra ətrafının sakit, hüzurlu olmasına, daha sonra isə yaxında olan və ehtiyac duyulan imkanları araşdırar.

Zamanın tələbi belədir...

Comments are closed.