İstər müasir, istərsə də klassik üslub memarlığı nəzərindan şəhərsalmanın əsaslarına riayət edilməyibsə, bu, gələcəyə doğru atılmış səhv bir addımdır.
Yeni tikililər bəzən meqapolisin normal fəaliyyətinə zərər vura biləcək dərəcədə çətinliklər törədirlər. Əlbəttə heç bir tikinti şirkəti və ya ticarət obyekti quran sahibkar bilərəkdən hər hansı bir gələcək problemə imza qoymaq istəməz, sadəcə proseslər çox zaman bir-birindən asılı olmadan baş tutur deyə, gözlənilməz məsələlərlə qarşılaşırıq.
Yeni binanın tikintisi, ərazinin təmizlənməsi, hər bir məsələnin müəyyən instansiyalarda razılaşdırılması böyük güc və vəsait tələb edir. Burada gərək hər tərəfin marağı, ümumi problemlər öz həllini tapsın. Nəticədə biz Bakının indiki mənzərəsini görürük. Qarşı-qarşıya tikilən göydələnləri, maşın saxlamaq üçün yer qıtlığını, hava və günəşdən məhrum olan sakinləri hər gün müşahidə edirik.
Hərdən dostlardan kimsə Sabunçu Bilgəh yolunda yaranan tıxacdan gileylənir. Özüm də şahid olmuşam. Şəhərdən yönələn maşın axını adətən yol kənarında inşa edilmiş “Ayxan” supermarketinin qarşısında səngiyir, hər sürücü tək bir şeyi arzulayır: bu zonanı tez tərk etsin. Kifayət qədər böyük marketdir, qarşısı da düzəldilib, hətta tıxac məsələsini nəzərə alan obyekt sahibləri arxada bir dayanacaq da inşa ediblər. Amma nə olsun? Maşınlar marketin qarşısında mütəmadi dayanır, onsuz da kiçik yolu bir az da daraldırlar. Qadağa zad kömək etmir. İnsanların da ömrü tıxacda keçir, bundan qaçmaq da mümkünsüzdür.
Gözəl, müasir tikililər şəhəri çox dəyişdirir, yeni-yeni iş yerləri, ofislər, gözəllik salonları açılır. Digər tərəfdən isə tullantı çoxalır, tıxac yaranır, hava və işığın üzünə həsrət
qalırıq. Hər meqapolisin öz inkişaf proqramı olur, Bakıda rastlaşdığımız çətinliklərin bir çoxuna başqa şəhərlərdə də rast gəlirik. Burada eyni bir resept yoxdur, sadəcə hər yerin öz qaydası olur. London, Paris, Nyu-York və Moskva kimi nəhəng şəhərlərin Bakı ilə müqayisədə on qat artıq problemi var.
Çox yerdə ağıllı idarəetmə, doğru-düzgün planlaşdırma, müasir memarlıq prinsipləri tətbiq edilir. Bəzən nəticə verir, bəzən isə nəsə yeni bir çətinlik yaranır, çünki hər bir layihənin bir inkişaf, bir tənəzzül nöqtəsi olur. Şəhər də belədir, hansısa məqamda o böyüyür, artır, inkişaf edir, sonra bütün mərhələlərdə tormozlanma gedir, bir tikili o birisini əngəlləyir, nəqliyyatın hərəkəti səngiyir.
Bakını virtual müstəvidə ilk öncə düzgün quruşdırmalı, hər cür imtahana çəkməliyik. Sınaqda çıxdısa, deməli real həyatda da şəhərin şansı, memarların da işi çoxalacaq.
Beləsə, gün-gündən böyüyən məsələləri həll etmək şansımız azalır.