Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkədir. Bununla sadəcə yeraltı sərvətləri nəzərdə tutmuram. Yerin üstündə də kifayət qədər işlənməmiş xam sərvətimiz var. Mənə görə turizm sektoru neft sektorundan sonra ən vacib və diqqət edilməsi lazım olan bir sahədir.
Bir qədər əmək sərf etsək, Bursanın Uludağ qış turizm kompleksinə bənzər obyektləri, Antalyanın möhtəşəm turizm bölgələrinin analoqlarını Azərbaycanda da yarada bilərik. Turizmdən gələn gəlir iqtisadiyyatımıza ciddi fayda verər, maliyyə axınları bank sistemini dirçəldər, kifayət qədər də iş yeri açılar.
Bəs bunun üçün nə lazımdır? Sadəcə turizm obyektləri yetərlimi? Təbii ki, xeyr. İlk növbədə o turizm məkanlarındakı xidmətin səviyyəsini qaldırmaq, ciddi maarifləndirmə işləri aparmaq, təhsil sektorunda turizmin payını yüksəltmək gərəkdir.
Kadrları ən gözəl xidmət üçün hazırlamalıyıq. Unutmayaq ki, xidmətin komfortlu olduğu yer turisti cəlb edir. Biz öz qonşularımızla bu barədə sözün əsl mənasında yarışmaya girməliyik. Turizmin gələcək vəd edən bir sektor olduğu fikrini insanlara çatdırmalıyıq. Xüsusilə də turizm üçün cəlbedici olan zonalarda.
İndiki dövrdə bu sektora tam hazır olmadan ölkəyə turist gətirmək bizə neqativ ad qazandıra bilər və gələcəkdə bu neqativliyi aradan qaldırmaq üçün daha çox əmək sərf etməli olarıq.
Bu məsələyə "dünəndən" başlamalıydıq və bu bir Dövlət proqramı olaraq milli hədəfə çevrilməlidir. Bunun üçün bəlkə də bir çox qurumlar əlbir olaraq işləməli, Xəzəri təmizləməkdən tutmuş insanları turistlərlə pozitiv ünsiyyətə hazırlamağa qədər geniş bir spektrdə işləməliyik.
Azərbaycan media vasitəsilə özünü xaricdə Avroviziya, 2015 Avropa Oyunları, Formula-1, İslam Oyunları kimi bir çox layihələr hesabına gözəl təqdim edib. Azərbaycana gələn turistləri də məyus etməmək gərəkdir.
Turizmin Azərbaycana verə biləcəyi daha bir xeyirdən adətən elə də çox danışmırıq. Axı ölkəyə gələn turist haradasa qalmalı, məskunlaşmalıdır. Bu, həm bahalı otel, ucuz hostel, ayrıca kottec, villa, ya da kiminsə evində kirayə qalmaq kimi variantlara söykənir. Amma insan elə-belə çöldə yaşaya bilməz.
Bu da dolayısı olaraq tikinti sektorunda canlanmaya və inkişafa zəmin yaradır. Özü də turisti Azərbaycana cəlb etmək istəyiriksə, deməli memarlıq baxımından gözəl, cəzbedici binalar tikməli, ən müasir tikinti materiallarından yararlanmalıyıq. Yoxsa, turist gəlməz.
Deməli ölkə iqtisadiyyatının böyük bir sektoru turizmin inkişafına bağlıdır. Turist varsa, tikinti, təmir işləri, tikinti materiallarının satışı var. İnşaatçılar işləmək, memarlar isə layihələri yerinə yetirmək imkanı əldə edirlər.
O ki qaldı xaricinin ölkəyə cəlb olunmasına. Bu bir ayrı yazının mövzusudur…